skip to Main Content

Hemangiomanın fəsadları

Hemangiomanın Fəsadları

Hemangiomanın fəsadları hansılardır?

Hemangioma 12 aydan kiçik uşaqlarda ən çox rastlanan damar şişidir. Əksər hallarda anadangəlmə mövcud olur. Spontan reqressiya etmə (öz-özünə geriyə inkişaf etmə/sağalma) xüsusiyyəti olduğundan bir çox hallarda tam sağalana qədər yalnız həkim müşahidəsi kifayətdir. Statistik göstəricilərə əsasən yalnız 10-20% hallarda hemangiomalar müalicə tələb edir. Bununla yanaşı bəzi hallarda hemangioma fəsadlaşmalarla müşayət oluna bilir. Belə ki, xoralaşmaikincili infeksiya, həmçinin qanama, hemangiomanın ən sıx rastlanan ağırlaşmalarıdır. Əsasən ağız ətrafı sahədə, təbii büküşlərdə (sarğı nahiyyəsi, dirsək, göz qapağı, qulaq seyvanı və boyun) yerləşən hemangiomalar sürtünməyə daha çox məruz qaldıqları üçün xoralaşmağa meyillidirlər. Bu cür xoralar infeksiyalaşma riski daşıdığından təcili həkimə müraciət etmək vacibdir. Belə ki, bu fəsadlaşmalarda əksər hallarda antibiotiklərlə müalicəyə ehtiyac olur. Xoralaşmış hemangiomaların digər ağır nəticəsi isə qanamadır. Bununla yanaşı xoralaşdıqdan sonra hemangioma olan sahələrdə çapıq əmələ gəlir ki, bu da öz növbəsində kosmetik defektdir.

Gözətrafında yerləşmiş hemangiomalar

Hemangioma gözətrafında yerləşdikdə zamanla uşaqda görmə problemlərinə yol açır. Belə ki, hemangioma göz almasına basqı edərək onun formasının dəyişilməsinə, bu da öz növbəsində gözün ətrafdan aldığı işıq şüalarının torlu qişada fokuslanmasının pozulmasına səbəb olur. Görmə sahəsində olan, görmə sahəsinin azalmasına təsir edən hemangiomalar uşaqda tənbəl göz/ambliopiyanın yaranmasına səbəb olur. Hemangiomanın fəsadları içərisindən biri olan ambliopiya vaxtında müalicə edilməyə başlamadığı təqdirdə isə getdikcə həmin gözün görmə qabiliyyətinin azalmasına və itirilməsinə səbəb olur.

Dodaq nahiyyəsinin hemangioması

Dodaqda yerləşmiş hemangiomalar daim mexaniki təsirə uğradığından xoralaşmağa daha çox məruz qalır. Bu xoralar çox ağrılı olduğu üçün əksər hallarda körpə qidalanmaqdan imtina edir. Eyni zamanda, yerləşdiyi nahiyyə ilə əlaqədar olaraq dodaqda yerləşmiş hemangiomaların müalicəsi və sağalması daha uzun zaman alır.

Çənə,boyun nahiyyəsində yerləşmiş hemangiomalar bəzi hallarda tənəffüs aktında çətinliyə səbəb olur. Belə ki, ölçüsündən asılı olaraq bu nahiyyələrin hemangiomaları nəfəs yollarını sıxaraq uşağın nəfəs alıb verməsinə mane olur.

Nəticə: Hemangiomalar bir çox hallarda heç bir fəsad vermədən özlüyündən geri inkişaf edib sağalsa da, yuxarıda göstərilən ciddi ağırlaşmalara səbəb ola bildiyindən tamamilə sağalana qədər daim həkim nəzarəti altında olmalıdır.

Back To Top